XƏBƏRLƏR

intellekt_141216_04

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və “İrəli” İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin final mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, 13 dekabrda Azərbaycan İntellektual BİRincisi layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilib. “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan “Azərbaycanın İntellektual BİRincisi” layihəsini ərsəyə gətirib.

İrəli İctimai Birliyinin silsiləvi layihələrindən olan “Azərbaycanın intellektual Birincisi” layihəsində 10 region, 66 rayon, 1109 gənc iştirak edib. Layihə çərçivəsində İsmayıllı, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəmkir, Quba, Tərtər rayonlarında müxtəlif rayonlanların gənc intellektualları birləşərək region turnirlərində, eyni zamanda da Bakı şəhəri üzrə 11 rayon gənci “Xəmsə”, “Nə?, Harada?, Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” intellektual oyunları üzrə yarışmış, “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin final mərhələsinə vəsiqə qazanıblar.

“Azərbaycanın intellektual Birincisi” layihəsinin bağlanış mərasimində Milli Məclisin Gənclər və İdman Komitəsinin rəhbəri Fuad Muradov, Gənclər və İdman Nazirliyi müavini İntiqam Babayev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə sektor müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edib, layihə haqqında öz fikirlərini səsləndiriblər. Həmçinin “Azərbaycan İntellektual Birincisi” layihəsinin tərəfdaşı olan Azərbaycan İntellektual Oyunlar Klubu və Xəmsə Milli İntellektual oyunun rəhbərləri Aydın Piriyev və Faiq Hüseynovada söz verilib.

“Vətəni tanı” intellektual oyununda 1-ci yer Nizami ( Tural Mustafayev), 2-ci yer Balakən (Afər Qardaşov), 3-cü yer Zərdab ( Aqil Məmmədov) rayonunun gənc intellektualları, “Axtar-tap” intellektual oyununda 1-ci yer Binəqədi, 2-ci yer Abşeron,3-cü yer Lənkəran rayonunun gənc intellektualları, “Nə, harada, nə zaman?” və “Xəmsə” intellektual oyunlarının hər birində 1-ci yeri Abşeron, 2-ci yeri Yasamal, 3-cü yeri Saatlı rayonunun gənc intellektualları qazanıblar. Qalib gələn komandalar medallar, şəhadətnamə və dəyərli hədiyyələr ilə təltif olunublar.